Bir çox insan yorğunluğu gündəlik stress, yuxusuzluq və ya ağır iş rejimi ilə əlaqələndirərək buna ciddi yanaşmır.
E-saglam.az xəbər verir ki, lakin britaniyalı həkim Dr. Punam Krişan bildirib ki, bəzi hallarda uzunmüddətli yorğunluq orqanizmdə ciddi problemlərin xəbərçisi ola bilər.
“Adi yorğunluq” və təhlükəli yorğunluq arasındakı fərq
BBC-yə danışan həkim qeyd edib ki, normal yorğunluğun səbəbi adətən insanın özü üçün aydın olur. Məsələn, az yatmaq, intensiv iş qrafiki və ya stress səbəbindən yaranan halsızlıq istirahətdən sonra keçə bilər.
Lakin bəzi hallarda insan kifayət qədər dincəlsə belə, davamlı şəkildə özünü yorğun və halsız hiss edir. Həkimin sözlərinə görə, məhz bu vəziyyət diqqətdən kənarda qalmamalıdır.
Yorğunluğun arxasında hansı problemlər dayana bilər?
Dr. Punam bildirib ki, davamlı yorğunluq:
- vitamin çatışmazlığı,
- dəmir azlığı,
- qalxanabənzər vəz problemləri,
- qan şəkəri pozğunluğu kimi səbəblərlə əlaqəli ola bilər.
Onun sözlərinə görə, bəzi hallarda bu simptom daha ciddi xəstəliklərin ilkin əlaməti də ola bilər. Buna görə də vaxtında müayinə və analizlərin aparılması vacib hesab olunur.
Hansı hallarda həkimə müraciət edilməlidir?
Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) aşağıdakı hallarda həkimə müraciət etməyi tövsiyə edir:
- yorğunluq bir neçə həftə davam edirsə,
- gündəlik həyata təsir göstərirsə,
- səbəbsiz çəki itkisi və əhval dəyişiklikləri ilə müşahidə olunursa,
- yuxu zamanı nəfəs dayanması, boğulma və ya qəribə səslər yaranırsa.
Həkimdən vacib xəbərdarlıq
Dr. Punam insanların simptomları uzun müddət görməzlikdən gəlməsinin təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi şəxslər aylarla davam edən problemlə bağlı həkimə gec müraciət edir və bu da müalicə prosesini çətinləşdirə bilər.
Həkim xüsusilə səbəbsiz çəki itkisi, uzunmüddətli öskürək, qanaxma və bədəndə yaranan şişkinlik kimi əlamətlərin diqqətlə izlənilməsinin vacib olduğunu bildirib.
Erkən diaqnoz niyə vacibdir?
Mütəxəssis qeyd edib ki, xəstəliklərin erkən aşkarlanması bir çox hallarda müalicənin uğurlu nəticə verməsində mühüm rol oynayır. Buna görə də davamlı halsızlıq və izah olunmayan yorğunluq yaşayan şəxslərin vaxt itirmədən mütəxəssisə müraciət etməsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc