Xəstəliklər
Təsadüfən öyrəndiyi xərçəng xəstəliyindən
Xəstəliklər
22

Təsadüfən öyrəndiyi xərçəng xəstəliyindən 31 yaşında qurtuldu

Türkiyənin İzmir şəhərində yaşayan 31 yaşlı Başak Kaya təsadüfi tibbi müayinə zamanı üçüncü mərhələ döş xərçəngi diaqnozu aldığını açıqlayıb. Gənc qadın bildirib ki, əgər müayinəyə getməsəydi, bu gün həyatda olmaya bilərdi.

E-saglam.az  xəbər verir ki, Başak Kaya özəl tibbi sığortasının təqdim etdiyi müayinə hüququndan istifadə etmək üçün xəstəxanaya müraciət etdiyini, aparılan yoxlamalar zamanı isə onda döş xərçəngi aşkarlandığını deyib. Müalicə prosesi Döş Cərrahiyyəsi üzrə mütəxəssis dosent Sina Ferahman və Plastik-Rekonstruktiv Cərrahiyyə üzrə mütəxəssis dosent Burak Özkanın nəzarəti altında həyata keçirilib.

Həkimlər bildiriblər ki, son illərdə gənc yaşlarda döş xərçəngi hallarının sayı artıb. Dosent Sina Ferahman qeyd edib ki, döş xərçəngi artıq yalnız yaşlı qadınların xəstəliyi hesab olunmur və hətta 20 yaşlı qadınlarda da rast gəlinir.

Mütəxəssisin sözlərinə görə, ailə tarixçəsi, siqaret və alkoqol istifadəsi, hormonal dəyişikliklər və piylənmə əsas risk faktorları sırasındadır. O vurğulayıb ki, müntəzəm müayinələr erkən diaqnoz üçün həyati əhəmiyyət daşıyır.

Plastik və Rekonstruktiv Cərrahiyyə mütəxəssisi Burak Özkan isə xəstəyə ikitərəfli mastektomiya və eyni zamanda döş rekonstruksiyası əməliyyatı tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, xüsusi implantlarla həyata keçirilən rekonstruksiya sayəsində xəstə fiziki görünüşündə ciddi dəyişiklik hiss etmədən sağalma prosesi keçirib.

Başak Kaya ailəsində də döş xərçəngi tarixçəsinin olduğunu, iki bacısının da eyni xəstəliklə mübarizə apardığını bildirib. O qeyd edib ki, xəstəlik barədə məlumatlılığın artırılması və vaxtında müayinə həyatı xilas edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun