Referans Group-un tərkibində fəaliyyət göstərən “Leyla Medical Center”-də “Medical Tourism: InfoTour & Networking” adlı tədbir HİMA Med Alliance Group-un təşkilatçılığı ilə uğurla keçirilib.
E-saglam.az xəbər verir ki, tədbirdə tibbi turizm sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər, həkimlər və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi sahə üzrə peşəkarları bir araya gətirmək, Azərbaycan səhiyyəsinin potensialını təqdim etmək və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Tədbir çərçivəsində iştirakçılar klinikanın müasir texnoloji infrastrukturu və tətbiq olunan innovativ müalicə yanaşmaları ilə yaxından tanış olublar.
Proqram çərçivəsində tibbi turizmdə aktual çağırışlar, əməkdaşlıq modelləri və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, tədbir iştirakçılar arasında birbaşa əlaqələrin qurulması və peşəkar şəbəkələşmə baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Tədbir Azərbaycan səhiyyəsinin beynəlxalq səviyyədə tanıdılması və yerli həkimlərin fəaliyyətinin təşviqi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
“Referans Medical Group”un strateji marketinq və tibbi turizm üzrə meneceri Anar Yusifov bildirib ki, bu tip tədbirlər beynəlxalq əməkdaşlıqların gücləndirilməsi, Azərbaycanın tibbi turizm xəritəsində daha güclü mövqe qazanması və pasiyentlər üçün daha keyfiyyətli xidmətlərin təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
HİMA Med Alliance Group-un təsisçisi və direktoru Elnarə Musəvi isə bildirib ki, bu cür təşəbbüslər tibbi turizm sahəsində əməkdaşlığın genişlənməsinə və yeni işgüzar imkanların formalaşmasına töhfə verir.
Könül Oruc