Tibbi xəbərlər
Qaraciyər yağlanmasını necə
Tibbi xəbərlər
158

Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?

Yağlı qaraciyər xəstəliyi qaraciyər hüceyrələrində həddindən artıq yağ toplanması ilə xarakterizə olunur və çox vaxt erkən mərhələdə simptomsuz keçir.

E-saglam.az xəbər verir ki, xəstəlik irəlilədikcə sirroz və qaraciyər çatışmazlığı kimi ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər bildirir ki, vaxtında aşkarlandıqda bu prosesin qarşısını almaq və hətta geri çevirmək mümkündür.

Daxili xəstəliklər üzrə mütəxəssis Osman Erk qeyd edir ki, sadə qan analizləri ilə qaraciyər fermentlərinin yoxlanılması erkən diaqnoz üçün vacibdir. Onun sözlərinə görə, düzgün qidalanma və aktiv həyat tərzi xəstəliyin idarə olunmasında əsas rol oynayır.

Yağlı qaraciyər xəstəliyinin iki əsas forması var. Alkoqolsuz forma daha çox piylənmə, 2-ci tip diabet və metabolik problemlərlə əlaqəlidir. Alkoqolla bağlı forma isə spirtli içkilərin həddindən artıq istifadəsi nəticəsində yaranır. Bundan əlavə, genetik meyl, yüksək xolesterol, yüksək qan şəkəri və hərəkətsizlik də risk faktorları sırasındadır.

Mütəxəssislər bildirir ki, xəstəliyin geri dönməsi üçün ən effektiv addımlardan biri tədricən və sağlam şəkildə arıqlamaqdır. Kəskin pəhrizlər əksinə, vəziyyəti ağırlaşdıra bilər. Müntəzəm fiziki aktivlik, xüsusilə sürətli gəzinti və üzgüçülük qaraciyərdə yağlanmanın azalmasına kömək edir.

Alkoqol qəbulunun məhdudlaşdırılması və ya tam dayandırılması, qan şəkəri və xolesterol səviyyələrinin nəzarətdə saxlanılması da vacibdir. Sağlam qidalanma bu prosesdə əsas rol oynayır. Meyvə və tərəvəzlər, tam taxıllar, sağlam yağlar və bitki mənşəli zülallar üstünlük təşkil etməlidir, şəkərli və emal olunmuş qidalar isə minimuma endirilməlidir.

Araşdırmalar göstərir ki, gündə 1-2 fincan qəhvə də qaraciyər sağlamlığına müsbət təsir göstərə bilər. Onun tərkibindəki antioksidantlar qaraciyəri qoruyur və fermentlərin səviyyəsinin yaxşılaşmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun