İrlandiyalı neyrobioloq Darragh Ennis, yuxuya getməkdə çətinlik çəkənlər üçün gündəlik vərdişlərin yuxuya necə mane olduğunu və bu problemi necə aradan qaldırmaq mümkün olduğunu açıqlayıb.
E-saglam.az xəbər verir ki, Ennisə görə, insanların gecə rahat yatmamasının əsas səbəblərindən biri yatmazdan əvvəl telefona baxmaq vərdişidir. O izah edir ki, insan gözü ətraf mühitin işığına görə beyinə siqnal göndərir və xüsusilə telefon və planşetlərdən yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır. Bu hormon isə yuxululuq hissini yaradan əsas amildir.
O bildirir ki, telefonlarda olan mavi işıq filtrləri sanıldığı qədər effektiv deyil, çünki yalnız mavi deyil, digər işıq dalğaları da (məsələn, sarı işıq) beyin tərəfindən gündüz işığı kimi qəbul edilir və bu da yuxu keyfiyyətini azaldır.
Ən effektiv üsul isə ekranlardan tamamilə uzaq durmaqdır. Ennis deyir: “Əgər yatmazdan əvvəl nəsə oxumaq istəyirsinizsə, klassik kağız kitabdan istifadə edin”.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) də yuxu keyfiyyətini artırmaq üçün aşağıdakı tövsiyələri verir:
-
Hər gün eyni saatda yatıb, oyanmaq.
-
Yatmazdan ən azı 1 saat əvvəl ekranlardan uzaq durmaq, bunun əvəzinə meditasiya, kitab oxumaq və ya sakit musiqi dinləmək.
-
Stresi azaltmaq üçün düşüncələrinizi yazmaq və ya yaxın biriylə danışmaq.
-
Yatmaq üçün sakit, qaranlıq və sərin mühit yaratmaq.
-
Uzun müddət yataqda çevrilmək əvəzinə sakit bir fəaliyyətə yönəlmək.
-
Gecə ağır yemək, kofein, spirt və siqaretdən uzaq durmaq.
-
Gündəlik fiziki aktivlik faydalıdır, lakin yatmazdan əvvəl ağır idmandan qaçmaq tövsiyə olunur.
Tərcümə: Könül Oruc